İngiltərə Premyer Liqasında 33-cü turdan təxirə salınan qarşılaşma keçirilib.

Birmingem şəhərinin yerli klubu “Aston Villa” doğma meydanda “Liverpul”u qonaq edib. Qarşılaşmada “mersisaydlılar”ın daha üstün olacağı güman edilsə də, bu belə olmayıb. Artıq 3-cü dəqiqədə meydan sahibləri irəli keçiblər. Duqlas Luiz yerli azarkeşləri sevindirib. Qoldan sonra tam təşəbbüsə yiyələnən Yurgen Klopun kollektivi 3 dəqiqə sonra tarazlığı bərpa edib. Joel Matip komandasını ümidləndirib. İlk hissənin qalan vaxtı ərzində tərəflər bir-birinin müqavimətini qırmağa çalışsa da, səyləri nəticəsiz qalıb. Fasilədən sonra hücumlarını artıran qonaqlar qələbə qolunu vurmağa müvəffəq olublar. Sadio Mane “Liverpul”a vacib 3 xalı qazandırıb. “Aston Villa” – “Liverpul” 1:2. Bununla da xal sayını 86-ya çatdıran “Liverpul” lider “Mançester Siti” ilə xallarını bərabərləşdirib. “Aston Villa” isə 43 xalla 11-cidir.